Ölkədə və dünyada

Sülhyaratma prosesi necə başladı?

Sülhyaratma prosesi necə başladı?Münaqişənin həllində ən vacib problemlərdən biri insan təhlükəsizliyinin təmin olunması, haqqı pozulmuş insanların hüquqlarının bərpası üçün lazımi mexanizmlərin hazırlanması idi

Dağlıq Qarabağ münaqişəsinin gətirdiyi dağıntılar, torpaqların itirilməsi, insanların öz evlərindən didərgin düşməsi 1994-1995-ci illərdə Azərbaycanı humanitar fəlakətə sürükləyirdi. Eyni zamanda yenicə müstəqillik əldə etmiş ölkənin dünya dövlətləri ilə zəif münasibəti, regiona marağın az olması, beynəlxalq humanitar təşkilatların azlığı və ölkədə siyasi sabitliyin olmaması ölkəni düşdüyü bəladan qurtara biləcəyinə az inam yaradırdı.
(Əvvəli səh. 1-də)

Bu arada siyasi partiyalar hakimiyyət dəyişikliyindən sonra özlərinin cəmiyyətin inkişafında əhəmiyyətli funksiyasını itirdilər və onların əsas vəzifəsi partiya strukturunu saxlamaq uğrunda mübarizə idi. Belə çətin bir vaxtda qeyri-hökümət təşkilatlarının ilk qaranquşları yarandı və onların fəaliyyətlərində ilk olaraq qarşılaşdıqları problem elə DQ münaqişəsi oldu. Azərbaycan QHT-lərinin əsas önəm verdiyi istiqamətlər ölkədə humanitar fəlakətin törətdiyi nəticələrin aradan qaldırılmasına nail olmaq, münaqişənin dərinləşməməsi üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdən ibarət idi.
90-cı illərdə vətəndaş cəmiyyətinə aktiv qoşulan insanlar inanırdı ki, qısa zaman ərzində beynəlxalq ictimaiyyətin dəstəyi ilə Azərbaycan və Ermənistan rəhbərliyi münaqişənin həllində razılaşmaya nail olacaq, insanların öz doğma evlərinə qayıtması ilə bağlı cəmiyyəti narahat edən problemin həll olunmasına cəhd olunacaq.
İlk dəfə 1995-ci ildə iştirak etdiyim konfrans zamanı Ermənistandan və Dağlıq Qarabağdan olan QHT nümayəndələrinin iştirakına necə reaksiya verəcəyimə tam əmin deyildim. Görüş zamanı “DQ-nın kimə məxsus olmasından”, “tarixi baxımdan kimin Qafqazda daha dərin köklərə malik olan xalq olduğundan”, “kimin bu müharibədə daha çox zərər çəkdiyini” müzakirə edəcəyimə əmin idim. Bunun məsuliyyəti məni rahat buraxmadığından, səhv etməməyə çalışır, daha çox tarixi və siyasi prosesləri öyrənməyə çalışırdım. İlk görüşümüz mənim kimi təcrübəsi az insanlar üçün məsuliyyətli görünsə də, belə görüşlərdə dəfələrlə iştirak edən adamlar bu görüşə daha adi yanaşırdı. Biz ilk dəfə heç də münaqişədən danışmadıq! Müzakirə etdiyimiz məsələlər insan hüquqları, qaçqınların sosial vəziyyəti və məcburi miqrasiyanın aradan qaldırılması mövzuları idi. Bu problemlər hər iki tərəfdə oxşar olduğundan çox qısa zamanda ondan çıxış yolları ətrafında düşünməyə başladıq. Beləliklə, ilk dəfə ermənilərlə qarşılaşan zaman onlarla nəyi müzakirə edəcəyimizi, nə kimi suallar ətrafında polemikamızın olacağı buzunu sındırdıq.
Sonralar daha çox insan hüquqlarının qorunması problemləri ilə məşğul olarkən daha yaxından dərk etməyə başladım ki, münaqişənin həllində ən vacib problemlərdən biri insan təhlükəsizliyinin təmin olunması, haqqı pozulmuş insanların hüquqlarının bərpası üçün lazımi mexanizmlərin hazırlanması idi. Biz yaxşı başa düşürdük ki, məsələnin qlobal həlli üçün tərəflərin siyasi iradəsinə ciddi ehtiyac var idi. Bunu isə müharibədən yenicə çıxmış, “qələbə eyforiyası” yaşayan Ermənistan və “məğlub olmuş” Azərbaycan üçün etmək çətin olacaq. Azərbaycanın siyasi sistemi iflic olmuş, Ermənistan isə müharibədən sonra Qarabağ döyüşündə “qalib” gəlmiş hərbi liderlərin cəmiyyəti manipulyasiyası ilə barışmalı olurdu. Ona görə də Ermənistanda hər hansı sülhə çağırış planları cəmiyyət tərəfindən onların əldə etdiklərini geri qaytarmağa təhrik etmək kimi təqdim olunurdu. Azərbaycanda isə sülhə çağırış istiqamətində görülən iş “məğlubiyyətlə barışmaq” və yaxud “Qarabağa xəyanət” kimi qələmə verilirdi.
İntensivləşən görüşlərin əsas partnyoru və maliyyə yardımçısı kimi çıxış edən beynəlxalq təşkilatların nümayəndələri bəzən azərbaycanlı və ermənilər arasında münasibətlərin gərginləşməməsi üçün onların birgə iştirak etdiyi işçi qruplar və panellərə xüsusi diqqət yetirirdilər. Bəzən münaqişə yaranmasının qarşısını almaqdan ötrü onların açdıqları müzakirələrin təhlilinə həddindən artıq vaxt ayırırdılar.
Daha maraqlı proseslər isə sülhyaratma prosesi ilə bağlı ölkə daxilində baş verirdi. Bir tərəfdən düşmən tərəfin təmsilçiləri ilə görüşlər və onun gərginliyindən doğan məsuliyyətlər, digər tərəfdən isə ölkə daxilində sülhyaratma prosesinə qarşı mətbuat və ictimaiyyət tərəfindən olunan təzyiqlər onun imkanlarını azaldırdı. Sülhyaratma prosesinə qarşı həm iqtidar, həm də müxalifət yönümlü qəzetlərdə məhdudiyyətlə yanaşı ara-sıra tənqidi, təhqiredici və bəzən nifrətlə dolu yazılar dərc olunurdu.
Münaqişənin nəticələrini və ondan əziyyət çəkən insanların bəlalarını yaxşı dəyərləndirən adam kimi başa düşürdüm ki, münaqişənin bundan sonra alovlanması qorxusu insanları daimi olaraq qorxu altında saxlamaqla yanaşı cəmiyyətin normal inkişafı üçün də tormoz rolunu oynayacaqdır. Əsas olaraq işimizi məhz bu dağıntıların və itkilərin masştabını tərəflərə insanların həyatı və cəmiyyətlərin itkiləri timsalında təqdim etməkdən ibarət görürdük.
Dağlıq Qarabağ münaqişəsi cəmiyyətin diqqət mərkəzində olmaqla yanaşı hər zaman onun inkişafı üçün tormoz rolunu da oynayıb. Təsəvvür edin ki, indiyə kimi bütün baş verən uğursuzluqlar və siyasi islahatların aparılmamasına rəvac verilməsi məhz münaqişənin həll olunmamasına istinad edilərək ləngimişdir. Bu təkcə Azərbaycana xarakterik hal deyil! Bu eyni zamanda Ermənistanda da istifadə olunan metodlardan biridir.

Yazı “Mingəçevir işıqları” qəzetinin sifarişi ilə hazırlanıb

Gənc hüquqşünaslar üçün təlim

Gənc hüquqşünaslar üçün təlim
Cənubi Qafqaz ölkələrindən olan dinləyicilər “Hertie School of Govermance” məktəbində təhsil alırlar

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) regional hüquq dialoqunu dəstəkləyir

Azərbaycan, Gürcüstan və Ermənistandan olan 25 gənc hüquqşünas üçün fevral ayının 20-dən mart ayının 9-na kimi Almaniyada “Hertie School of Govermance” ali məktəbində təlimlər keçirilib. Məqsəd Cənubi Qafqazda hüquq islahatları ilə bağlı məsələlər ilə məşğul olmaqdan və hüquq sahəsində bilik və praktiki hüquqşünas bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Artıq 3-cü dəfədir ki, ali məktəb - “Transformation Lawyers - Leqal Dialoq for Leqal Transformation” “Hüquqşünas fəaliyyətində islahatlar - Hüquq islahatları üçün hüquqi dialoq” mövzusunda qış akademiyası təşkil edir.
Seminar GİZ-in “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı, habelə “Qafqaz Təşəbbüsü” çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən dəstəklənir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) “Qafqaz Təşəbbüsü” 2001-ci ildən bəri bu regionda ölkələrarası əməkdaşlığı dəstəkləyir.
Seminarın proqramı əsasən alman hüququnun metodologiyasından, hüququn müqayisəsindən və qanunvericilik elmindən ibarətdir. Elmi və eyni zamanda praktiki təmayüllü şəraitdə qış akademiyasının iştirakçılarına mülki və inzibati hüquq sahəsində əsas hüquq prinsiplərini nəzərə alaraq, qanunların xülasə edilməsi üçün öz bacarıqlarını yaxşılaşdırmaq imkanı yaradılır. Həmçinin ictimai, siyasi elmin və qanuni dövlətin hüquqi əsasları müzakirə olunacaq və treninq tədbirləri vasitəsilə təqdimetmə texnikası, habelə danışıqların aparma bacarığı təkmilləşdirilir. Ətraflı şəkildə hazırlanmış ümumi proqram Almaniyada aparılmış hüquq islahatlarına əsaslanır.
Qış akademiyasının GİZ və Hertie School məktəbi tərəfindən keçirilməsi məqsədi 3 Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığı və sərhədlərarası dialoqunu dəstəkləməkdir. Gənc hüquqşünaslara hüquq biliklərini və onları tədbiq etmək bacarıqlarını intensivləşdirmək və öyrənilənləri Cənubi Qafqaz bölgəsində hüquq islahatların keçirilməsinə yönəltmək imkanı yaradılıb. Fevral ayının 21-də tədbirin baş məruzəçisi, Almaniya Hökümətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq olub.
Berlin şəhərində yerləşən Hertie School of Govermance müasir idarəetmə üzrə beynəlxalq ali məktəbdir. Bu məktəb ictimai sektorun, iqtisadiyyatın və mülki cəmiyyət sahəsinin idarə olunmasında gənc peşəkar kadrları hazırlaşdırır və ictimai müzakirələrin yaradılmasına təkan verir. Hertie School məktəbində beynəlxalq səviyyədə tanınmış alimlər dərs deyir və tədqiqat aparırlar. 2003-cü ildə qeyri kommersiya Hertie Fondu tərəfindən yaradılmış bu ali məktəb fondun dəstəyi ilə fəaliyyət göstərir.
GİZ bütün dünyada sürətli inkişaf üzrə alman federal beynəlxalq əməkdaşlıq təşkilatı olaraq, Almaniya Federal Hökümətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsini dəstəkləyir. Bundan əlavə GİZ bütün dünyada təhsil sahəsində də çox aktivdir. Davamlı inkişaf üçün GİZ tələblərə yönələn, ölçülərə cavab verən və qüvvədə olan xidmətlər təklif edir. GİZ dünyanın 130-dan çox ölkəsində aktivdir. Artıq 1993-cü ildən bəri Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tapşırığı ilə Cənubi Qafqazda məhkəmə və hüquq islahatları sahəsində fəaliyyət göstərir.

Bərdədə Novruz şənliyi qəribə olayla yadda qalıb

Bərdədə Novruz şənliyi qəribə olayla yadda qalıbBərdədən heyrətamiz xəbər almışıq. Yerli mənbələr deyir ki, artıq neçə gündür bütün rayon əhli Bərdənin mərkəzində keçirilən Novruz şənliyində baş vermiş bu qəribə olaydan danışır. Belə ki, martın 19-da Bərdənin mərkəzindəki stadionda Novruz şənliyi təşkil olunub. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun başqa məsul şəxsləri də iştirak edib. Lakin rayon rəhbərliyi el şənliyindən yaxşı mənzərə ilə ayrılmayıb. Şənliyə gətirilmiş dəvələrdən biri “mədəniyyətsizlik edərək” icra başçısı və yanındakılara tərəf tüpürüb. Rayondan verilən xəbərə görə, Novruz şənliyində bəzədilmiş dəvələrdən istifadəni icra başçısı maraqla qarşılayıb və bir müddət heyvanlara yaxın məsafədə durub. Qəfildən dəvələrdən biri başını çevirib və icra başçısı ilə onun yanındakılara tərəf tüpürüb. İcra başçısının “əsabələri” bu durumdan özlərini itirib və ani çaşqınlıq yaranıb. Amma sonradan şənlikdəki mühiti gərginləşdirmədən icra başçısı və ətrafındakılar oradan uzaqlaşıb.
Ses

Saytımızın yeni dizaynı necədir?

Əla
Normal
Pis
 
Cəmiyyət

Polisdə yubiley tədbiri

Polisdə yubiley tədbiri

29 aprel 2012-ci ildə Mingəçevir şəhər Polis şöbəsində Məhərrəm Süleymanovun 75, Akif Göyüşovun 65 illik yubileyləri ilə bağlı tədbir keçirilib. DİN-nin Veteranlar şurasının sədri Ramiz Axundov hər iki ağsaqqalı təbrik edib. O, son zamanlar polis veteranlarına göstərilən diqqətdən danışıb və yubilyarlara şura adından fəxri fərman və hədiyyələr, Polis şöbəsinə isə “Zəfər dastanı” adlı kitabını təqdim edib.
ŞPŞ-nin rəisi, polis polkovniki Ələsgər Bədəlov da hər iki səbəkara şəxsi heyət adından fəxri fərman və hədiyyələr təqdim edib. O, hər iki yubilyarın vaxtı ilə polis sıralarında şərəfli xidməti yol keçdiyini vurğulayıb, onların hər zaman xatırlanmağa layiq olduqlarını deyib.
Polis veteranı Mehdi Mehdiyev, İsmayıllı rayon Polis şöbəsinin rəisi Nizami Qocayev də təbriklərini bölüşüblər.
“Mİ”
Polisdə yubiley tədbiri
Sosial

Pulsuz kompüter və dərzilik kursları

Pulsuz kompüter və dərzilik kursları
Hüquqi və psixoloji yardımlar, tibb müəssisələrinə və iş yerlərinə istiqamətləndirmə, ailəyə qayıdışa kömək, təhsil müəssisələrində, hüquq-müdafiə orqanlarında görüşlər, regional TV-də maarifləndirmə

Bütün bunlar Mingəçevir Valideynlər Assosiasiyasının yeni layihəsi çərçivəsində mənəvi qəzalara məruz qalan insanlar üçün həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən layihə “Sosial-mənəvi qəza qurbanlarını ailələrinə və cəmiyyətə qaytarmaq üçün təbliğatın nəzəri və praktik aspektləri” barədədir.

“Məqsəd ictimaiyyətin diqqətini problemlərə və çıxış yollarına yönəltməkdir”

27 aprel 2012-ci ildə Mingəçevir Media Mərkəzində (MMM) keçirilən təqdimat mərasimində MVA prezidenti Fərman Nəbiyev layihə barədə məlumat verib. Onun sözlərinə görə, aprelin 16-dan start verilən layihədə kompüter və dərzilik kursları, hüquqi və psixoloji yardımlar, tibb müəssisələrinə və iş yerlərinə istiqamətləndirmə, ailəyə qayıdışa kömək, təhsil müəssisələrində, hüquq-müdafiə orqanlarında görüşlər, regional TV-də maarifləndirmə ilə bağlı tədbirlər yer alıb: “Məqsədimiz mənəvi qəza qurbanlarına gücümüz daxilində kömək etmək, ictimaiyyətin diqqətini onların problemlərinə və çıxış yollarına yönəltməkdir”-F.Nəbiyev belə deyib.

“Əlində iynə tuta bilməyən qadınlar indi paltar tikirlər”
Pulsuz kompüter və dərzilik kursları

Layihə rəhbəri hədəf qrupu kimi Ağdaş, Yevlax və Mingəçevirdən olan sosial zədə qurbanlarının seçildiyini və əvvəlki illərdə təşkilatın buna oxşar layihələri uğurla həyata keçirdiyini xatırladıb: “Ətrafımızda çox sayda imkansız evdar qadınlar var ki, onlar həyat yoldaşının evə gətirəcəyi məvacibi gözləyir, əksəriyyəti təhsilsiz, peşəsiz olduğundan iş tapa bilmir. Biz 2010-2011-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alveri qurbanları və risk qrupu üzvləri ilə işləyərkən onlara psixoloji, tibb və hüquqi yardımlar göstərdik, bu insanları cəmiyyətə inteqrasiya etməyə çalışdıq, onları üç aylıq kompüter və dərzilik kurslarına cəlb etdik. Əlində iynə tuta bilməyən qadınlar kursun sonunda özlərinə və övladlarına paltar tikdilər. IREX təşkilatı ilə isə İcma Məlumatlandırma Mərkəzi yaratdıq və şəhər sakinlərinə pulsuz kompüter və internet imkanı verdik. Bütün bu işlərin davamı olaraq ailədaxili zorakılığa məruz qalmış xanımların gələcəkdə minimal pul qazanması, özlərinin və övladlarının ehtiyaclarını ödəməsi üçün dərzilik və kompüter kurslarını davam etdirməyi zəruri saydıq. QHT-lərə Dövlət Dəstəyi Şurası layihəmizi maliyyələşdirdi”.

“Həmin qadınların bir hissəsi paralel olaraq kompüter kurslarına də gəlir”

F.Nəbiyev layihə çərçivəsində 4 ədəd tikiş maşını alındığını və hər birində 4 qadın olmaqla iki qrupun fəaliyyət göstərdiyini nəzərə çatdırdı: “Həmin qadınların bir hissəsi paralel olaraq kompüter kurslarına də gəlir”.
Təşkilatın rəhbəri bildirib ki, gələcəkdə mövcud kateqoriyadan olan insanlar üçün pulsuz təlimlər aparmağa, onların problemlərini həll etməyə təşkilatın gücü çatacaq: “Bizim artıq kompüter mərkəzimiz, tikiş seximiz var, avadanlıq almağa ehtiyac yoxdur, yerimiz özəl olduğundan kirayə haqqı da ödəmirik, yalnız qalır təlimçilərin əmək haqqını ödəməyə, bunu isə digər tədbirlərimiz hesabına ödəyə biləcəyik”.

“Ehtiyacı olan ana-bacılarımızı bu fürsətdən yararlanmağa dəvət edirik”

Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Zahid Qasımlı layihənin üç aylıq deyil, uzun müddətli olmasını arzulayıb: “Ən azından balaca bir tikiş sexi fəaliyyət göstərsə, onlar öz məhsullarını satar və ailə büdcəsinə yardım edərlər”. O, cəmiyyətimizdə mənəvi zədə almış ailələrin, o cümlədən valideynini itirmiş uşaqlarla məktəblərdə iş aparılmasının vacibliyini də vurğulayıb.
MVA-nın icraçı direktoru Yeganə Nəbiyeva layihədə nəzərdə tutulmuş qruplardan başqa yeni qrupların da fəaliyyət göstərməsi üçün qadınların cəlb olunacağını nəzərə çatdırıb: “Biz digər qruplarla da təmannasız işləyəcəyik. Sadəcə siz ətrafınızda mənəvi zədəyə məruz qalmış insanları bizə istiqamətləndirin. Onlarla səriştəli təlimçilər məşğul olacaq. Həm də ehtiyaclarına uyğun olaraq, həmin insanlara hüquqi və psixoloji yardımlar da göstəriləcək. Bu gün bizim bu imkan və şəraitimiz var, ehtiyacı olan ana-bacılarımızı bu fürsətdən yararlanmağa dəvət edirik”.
11 saylı orta məktəbin direktoru Günəş Məmmədova və 16 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nizaməddin Hacıyev də layihənin önəmindən danışıb.
Tədbirdə dövlət, qeyri-dövlət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.
Yeganə
İqtisadiyyat

İlk rübə yekun vuruldu

İlk rübə yekun vuruldu
Baba Əliyevin narahatlığı ətraf mühitin
çirkləndirilməsinə biganə münasibətlə bağlı idi
25 aprel 2012-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2012-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib.
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Nazirlər Kabinetinin iclasında cənab Prezidentin tövsiyə və tapşırıqları barədə danışıb. O, bildirib ki, cənab İlham Əliyev ölkə iqtisadiyyatının birinci rübdə uğurla inkişaf etdiyini vurğulayıb, son illərdə əldə olunmuş nailiyyətləri təhlil edib: “Bütün iqtisadi göstəricilər bir daha sübut edir ki, Azərbaycan inkişafını gücləndirir və bu inkişaf davam edir”.
“2012-ci ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məlumat verib. O, qeyd edib ki, son illər şəhərimizdə aparılan işlər yanvar-mart aylarında davam etdirilib. Mingəçevir şəhərində əsas iqtisadi sahələr üzrə ümumi məhsulun həcmi 96,2 milyon manat olub (2011-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 milyon və ya 27% artım qeydə alınıb. O cümlədən şəhərin sənaye məhsulu istehsalı sahələrində artım 39,7% təşkil edib).
Məruzəçi bildirib ki, istehsal sahələrində orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 326 manata çatıb. 3, 6, 11 saylı orta məktəblərdə, 1, 16 saylı uşaq bağçalarında dövlət investisiya proqramına əsasən aparılan təmir, bərpa və tikinti işləri birinci rübdə öz ahəngliyində davam etdirib.
İlin 3 ayı ərzində ümumilikdə sənaye müəssisələrində 52,8 milyon manatlıq məhsul istehsal olunub ki, onun da 44,3 milyon manatlığı və ya 84%-i elektrik enerjisi istehsal edən “Az.İES” və “SES silsiləsi” MMC-lərin payına düşür. Ötən müddətdə şəhərin əhalisi, idarə və müəssisələr elektrik enerjisi, təbii qaz və su ilə fasiləsiz təmin olunublar.
Birinci rüb ərzində 2 yüksəkmərtəbəli binanın 1200 kv.m şifer dam örtüyü əsaslı təmir edilib, 2 binanın yumşaq dam örtüyü şiferlə əvəz olunub, məhəllədaxili ərazilərdə 2,1 min kv.metr sahəyə 196 min manatlıq asfalt örtüyü çəkilib.
Şəhər İcra Hakimiyyəti cari ilin müvafiq dövründə digər sahələrlə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafını, maddi texniki bazasının gücləndirilməsini diqqət mərkəzində saxlayıb.
Şura iclasında şəhər Maliyyə İdarəsinin rəisi Şahverdi İspəndiyarov, Dövlət Sosial Müdafiə Fondu şəhər şöbəsinin müdiri Cəlil Hətəmov, “Az.İES” MMC-in direktoru Bəhmən Nəcməddinov, Su-Kanal İdarəsinin müdiri Mustafa Kərimov, 8 nömrəli Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzi Qərib Abdullayev, Qaz istismar sahəsinin rəisi Nəriman Rəhimov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Vəli Vəliyev I rüb ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar.
“Mİ”

P.S. İclasın qərar layihəsi oxunandan sonra şəhər ağsaqqalı Baba Əliyev əlini qaldırıb, sözü olduğunu bildirdi. Onun narahatlığı əsasən ətraf mühitin çirkləndirilməsinə biganə münasibətlə bağlı idi: “Çirkab sular təmizlənmədən birbaşa Kürə axıdılır, ordan da qayıdır evlərimizə. Hər tində ət kəsib, zibilini kanalizasiyaya axıdırlar. Məgər aidiyyatı qurumlar bunları görmür?”
Mədəniyyət

Eurovision Mahnı Müsabiqəsi: bu haqda nələri bilirik?

Eurovision Mahnı Müsabiqəsi: bu haqda nələri bilirik?

May ayında Xəzərin sahilində Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinə gələn tamaşaçılar gözəl zal, möhtəşəm səhnə və Bakıya açılan bənzəriz mənzərənin şahidi olacaqlar

Azərbaycan müsabiqəyə necə qoşuldu?

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi layihəsində iştirakının ilk mərhələsi bu yarışmanı yayımlamaqla başlayıb. Eurovision Mahnı Müsabiqəsi Azərbaycanda ilk dəfə 2006-cı ildə yayımlanıb. Həmin ilin may ayında İctimai Televiziya Yunanıstanda keçirilən 51-ci Eurovision Mahnı Müsabiqəsini Azərbaycan izləyicilərinə təqdim edib. Bu ənənə 2007-ci ildə də davam edib və Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan Avropanın möhtəşəm televiziya şousu-Eurovision Mahnı Müsabiqəsi ikinci dəfə Azərbaycan auditoriyasına yayımlanıb.
Artıq Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində fəal iştirakı üçün sosial tələbat var idi. 2007-ci ilin iyul ayında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin timsalında Avropa Yayımları Birliyinə (EBU) üzv qəbul olunub. Elə həmin ildən də ölkəmiz Eurovision Mahnı Müsabiqəsi layihəsinə iştirakçı kimi qoşulub.

Eurovision Mahnı Müsabiqəsi: bu haqda nələri bilirik?

Milli seçim turu başlandı

Azərbaycan Eurovision Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə təmsil olunub. Həmin il 70-dən artıq iddiaçı bu Mahnı Müsabiqəsində Azərbaycan təmsilçiliyinə namizəd kimi Milli Seçim turuna qatılıblar. Milli Final gecəsində Eurovision Mahnı Müsabiqəsinin 2003, 2004 və 2007-ci illərdəki qalibləri Sertab Erener, Ruslana və Mariya Şerifoviç qonaq kimi çıxış ediblər.
Milli Seçim turunun münsiflər kürsüsündə ölkənin tanınmış incəsənət xadimləri təmsil olunurdu. Onların qərarı ilə Serbiyanın paytaxtı Belqradda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün Elnur Hüseynov və Samir Cavadzadə seçildilər. Azərbaycan müsabiqədə “Day after Day” mahnısı ilə təmsil olundu. Mahnının musiqisi bəstəkar Gövhər Həsənzadəyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur.
Ölkəmiz müsabiqədə birinci iştirakından uğur əldə etdi və 43 ölkə arasında fərqlənərək 8-ci yerə sahib oldu. Azərbaycan Eurovision Mahnı Müsabiqəsində ilk çıxışından zəngin musiqisi ilə Avropa izləyicilərini valeh edə bildi.

Moskvadakı duetimiz ölkəmizi 3-cü yerə yüksəltdi

Azərbaycan 2009-cu ildə Moskvada keçirilən Eurovision Mahnı Müsabiqəsində də duetlə təmsil olundu. Bu dəfəki duetin tərkibi daha cəlbedici idi: Aysel Teymurzadə və Araş. İsveçdə yaşayan Azərbaycan əsilli tanınmış müğənni-bəstəkar Araş və Aysel Teymurzadənin 2009-cu ildə Moskvada keçirilən 54-cü Eurovision Mahnı Müsabiqəsində ifa etdiyi “Always” mahnısı Azərbaycanı bu layihədə 3-cü yerə yüksəltdi. “Always” mahnısının musiqisi və sözlərinin müəllifi Araş idi. Moskvadakı Eurovision şousunda əldə olunan bu nəticə ikinci dəfə öz təmsilçisini müsabiqəyə göndərən ölkə üçün yüksək göstərici sayılırdı.

Safura Əlizadə “Drip Drop” mahnısı ilə beşinci oldu

Safura Əlizadə Azərbaycanın 2010-cu ildə Eurovision təmsilçisi seçildi. O, Osloda 55-ci Eurovision Mahnı Müsabiqəsində sözləri isveçli Sandra Bjurman, musiqisi Stefan Örn və Anders Baqqeyə aid “Drip Drop” mahnısı ilə çıxış etdi. Safura Əlizadə gözəl səhnə performansı və ifası ilə müsabiqənin beşincisi oldu.
Eurovision Mahnı Müsabiqəsində 3 il ardıcıl iştirak edən Azərbaycan bu layihədə qısa müddətdə uğur qazanmışdı. 2011-ci ildə təmsilçini müəyyən etmək üçün yeni Milli Seçim modeli tətbiq olundu. Sənəd qəbuluna 150-dən artıq iştirakçı gəlsə də, ilkin dinləmələrdən sonra Eurovision Milli Seçim turlarının televiziya şousuna 77 nəfər vəsiqə qazandı. Bu 77 iştirakçı isə hər birində 11 nəfər olmaqla 7 qrupda çıxış etdi.
Finaldakı səsvermədə münsiflər yenə də duet formatını üstün tutdular və bir deyil, iki qalib seçdilər. Beləliklə, Düsseldorfda ölkəmizi Eldar Qasımov və Nigar Camal təmsil etməli oldular.

Eldar və Nigar məftunedici ifaları ilə Azərbaycana qələbə gətirdi

Qarşıda müsabiqəyə hazırlıq mərhələsi dururdu. Azərbaycanın ötən illərdəki uğurlu təmsilçiliyi iştirakçılarımızı bir az da ruhlandırır, həm də onların qarşısında böyük məsuliyyət yaradırdı. Hədəf Eurovision Mahnı Müsabiqəsi səhnəsində növbəti uğura imza atmaq idi.
Eldar və Nigar dueti (Ell/Nikki) müsabiqədə sözləri Stefan Örn və müsiqisi Sandra Bjurmana məxsus “Ranninq scared” mahnısı ilə çıxış etdi. Eldar və Nigarın Düsseldorf şəhərində “Esrrit” arenada məftunedici ifaları onları 43 ölkə arasında birinciliyə yüksətdi. Təmsilçilərimiz 221 səs qazanaraq, müsabiqənin bir çox favoritlərini geridə qoydu və Azərbaycan adı Eurovision Mahnı Müsabiqəsi tarixinə qalib ölkə kimi yazıldı.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsində ciddi hazırlığı və yanaşması ilə də seçilib. Nümayəndə heyətimiz hər il bu müsabiqədə yüksək səviyyədə təmsil olunmaq və Odlar Yurdunun dünyaya səs salan musiqi mədəniyyətini Avropaya mükəmməl təqdim etməyi qarşıya məqsəd qoyub.
Bakı 2012-ci il müsabiqəsinin ev sahibidir

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində iştirakının ilk günündən layihəyə dəstək verən Heydər Əliyev Fondunun təşkilatçılığı bu yarışmada uğurla təmsil olunmağımızda mühüm rol oynayıb. Azərbaycan artıq Avropanın ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edir. Hazırda paytaxt Bakıda 57-ci Eurovision Mahnı Müsabiqəsinə ciddi hazırlıq gedir.
2012-ci ilin may ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Razılaşmaya əsasən, bütün təşkilati işlərdə, eləcə də Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, Eurovision Mahnı Müsabiqəsi həftələrində “Eurovillage”, “Euroclub” kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulur.

“Bakı Kristal Zalı” 2012 şousunu gözləyir

Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi 2012 “Bakı Kristal Zalı”nda keçiriləcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsi üçün 3 məkan təklif olunurdu. Bunlar Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Kristal Zalı idi.
Avropa Yayımları Birliyi (EBU) yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinin “Bakı Kristal Zalı”nda keçirilməsinə qərar verib. EBU nümayəndələri bu zalın yüksək standartlara cavab verdiyini bildirib. “Bakı Kristal Zalı”nda məhz Eurovision 2012 şousu üçün 20 min tamaşaçı yeri nəzərdə tutulur.
Hazırda zalın tikintisi davam edir. May ayında Xəzərin sahilində Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinə gələn tamaşaçılar gözəl zal, möhtəşəm səhnə və Bakıya açılan bənzərsiz mənzərənin şahidi olacaqlar.
“Bakı Kristal Zalı” Bayıl qəsəbəsində, “Bayraq Meydanı”nın yanında yerləşir.

Bu dəfəki təmsilçimiz Səbinə Babayevə olacaq

Azərbaycanı may ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Səbinə Babayeva təmsil edəcək. Səbinə 2008-ci ildən ardıcıl Eurovision Mahnı Müsabiqəsi üzrə seçim turlarında iştirak edib, 2012-ci ildə keçirilən Milli Seçim Turunun 7-ci həftəsinin iştirakçısı olub. Həftə ərzində yarışan 9 iştirakçı arasından finala çıxıb. Fevralın 12-də keçirilən Milli Final gecəsində Azərbaycanın Eurovision 2012 təmsilçisi seçilib.

Müsabiqənin tarixinə qısa səyahət

Avropanın ən nüfuzlu mahnı yarışması-Eurovision Mahnı Müsabiqəsi Avropa Yayımları Birliyinə (EBU) üzv ölkələr arasında təşkil edilir. İlk dəfə 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərində, “Kuursaal teatro”da keçirilən bu yarışmada 7 ölkə-Niderland, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya təmsil olunub. Müsabiqənin ilk qalibi İsveçrə təmsilçisi Lis Assia (Lys Assia) olub.
Bu günədək müsabiqədə 1100-dən çox mahnı ifa edilib. Eurovision səhnəsində ifa qaydalarına əsasən fonoqram qadağandır. Təmsilçilərin əksəriyyətinin mahnılarını ingilis dilində ifa etməyi üstün tutmasına baxmayaraq, mahnı istənilən dildə oxuna bilər.
Müsabiqədə bu illər ərzində ən çox qalibiyyəti İrlandiya əldə edib. Bu ölkə müsabiqədə 7 dəfə-1970, 1981, 1987, 1992, 1993, 1994 və 1996-cı illərdə birincilik qazanıb.
Böyük Britaniya, Fransa və Lüksemburq da ən çox qalib olan ölkələr kimi müsabiqənin tarixinə düşüb. Bu ölkələrin hər biri 5 dəfə, İsveç və Niderland isə 4 dəfə birinci olub.
Müsabiqədə İrlandiya ən çox qalib gələn ölkə olsa da, yarışmaya ən çox Böyük Britaniya ev sahibliyi edib. Digər qalib ölkələr müsabiqəni keçirməkdən imtina etdikdə Böyük Britaniya yarışmada ev sahibi olub (1960, 1963, 1968, 1972, 1977, 1982 və 1998-ci illərdə).
Diqqət çəkən digər məqam: müsabiqədə Portuqaliya 45 dəfə, Kipr 29 dəfə, Malta və İslandiya 24 dəfə iştirak etməsinə baxmayaraq, hələ də qalib olmayıblar. Ümumiyyətlə isə 25 ölkə Eurovision Mahnı Müsabiqəsi tarixində öz qələbəsini gözləməkdədir. Müsabiqədə ən çox Almaniya (55 dəfə), ən az isə Mərakeş (1 dəfə) iştirak edib.
Eurovision Mahnı Müsabiqəsinin ən məşhur musiqi qrupu isə ABBA-dır. 1974-cü ildə Böyük Britaniyada keçirilən müsabiqədə “Waterloo” mahnısı ilə İsveçi təmsil edərək qələbə qazanan ABBA bütün zamanların ən uğurlu qruplarından biri olub. Eurovision Mahnı Müsabiqəsi Fransa təmsilçisi, məşhur müğənni Patrisiya Kaas, Lara Fabian, Ajda Pekkan, Alla Puqaçova, Selin Dion kimi tanınmışların iştirakı ilə də yadda qalıb.
Müsabiqənin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası-”Eurovision himni” isə fransız bəstəkarı Mark Antuan Şarrantyenin (Marc Antoine Charrentier) “Te Deum” əsərinin müqəddiməsidir.

Samirə Süleymanova
Yazı “Mingəçevir işıqları” qəzetinin sifarişi ilə hazırlanıb
Təhsil

Düzgün peşə seçərsinizsə...

Düzgün peşə seçərsinizsə...
“Peşə yönümündə uğur əldə etmək üçün ilk növbədə əmək bazarı ilə tanış olmaq və bazardakı meylləri dəqiq öyrənmək vacibdir”

26 aprel 2012-ci ildə Texniki liseydə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfrans keçirilib. Şəhər Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov gənclərin peşə seçiminin əhəmiyyətindən danışıb. Mərkəzin baş məsləhətçisi Ceyhun İsmayılov isə deyib ki, düşünülmüş şəkildə fərdi yanaşma hər bir şəxsin bacarıq, maraq və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır: “Peşə yönümündə uğur əldə etmək üçün ilk növbədə əmək bazarı ilə tanış olmaq və bazardakı meylləri dəqiq öyrənmək vacibdir”.
C.İsmayılov peşələrin təsnifatı, strategiyası barədə məlumat verib, işsizliyin yaranmaması üçün şagirdlərə düzgün peşə seçməyi tövsiyə edib. Onu da qeyd edib ki, bu tip seçimlər Bakı, Gəncə, Naxçıvan və Mingəçevirdə fəaliyyət göstərən peşəyönümü metodiki kabinetləri vasitəsi ilə həyata keçirilir.
ŞTŞ-nin nümayəndəsi Məcnun Katibov, Texniki liseyin direktoru Sahib Məmmədov gənclərə peşə seçimində bu tip tədbirlərin faydalı olacağını bildiriblər. Tədbirin sonunda məktəbə “İş axtaran və işsiz vətəndaşların peşə meyillərinin müəyyən edilməsi” üçün multimedia test proqramı da təqdim olunub.
Elnarə
Səhiyyə

“Psixi pozğunluğa düçar olanların çoxu cavan qadınlardır”

“Psixi pozğunluğa düçar   olanların çoxu cavan qadınlardır”
“Təbii ki, öyrənmiş orqanizmi birdən-birə nədənsə məhrum etmək özü cinayətdir”

Tələbə Poliklinikasında otaqlardan birinin üstündə “Nevropatoloq Gülnaz Brumend” lövhəsinə rast gəldim. Həkimin soyadı maraqlı göründü və onunla tanışlıq məndə xoş təəssürat oyatdı. Onu siz də tanıyın.
-Gülnaz həkim, zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

-Tehranda ziyalı ailəsində anadan olmuşam və mən ailənin ilkiyəm. Ailəmiz Bakıya köçəndə 12 yaşım vardı. Beşinci sinfə kimi fars dilində təhsil aldığımdan öz dilimizi bilmirdim. Buna görə də Bakıda beşinci sinfi təkrar oxumalı oldum. Orta məktəbi 1970-ci ildə bitirib, elə həmin il Tibb Universitetinə daxil oldum. Sonra ailə qurdum. 3 övladımın ikisi həkimdir. Oğlumun biri ürək cərrahıdır. Topçubaşov adına Mərkəzi Klinikada uşaq cərrahiyyəsi şöbəsinin rəhbəridir. Qızım İngiltərədədir. Digər oğlum isə kompüter üzrə proqramçıdır, Avstriyada yaşayır. Yoldaşım Novruz Həsənov da həkim-kardioloqdur.

-Həkim peşəsini necə seçdiniz?

-Uşaq yaşlarından ağ xalat məni özünə çəkib. On yaşında difteriyaya tutulmuşdum. Atam məni Tehrandakı sovet xəstəxanasına (o vaxt ona şurəvi xəstəxana deyirdilər) apardı. Həkimi görəndə ağrılarım yadımdan çıxdı. Mənə ilk yardım göstərən rus həkimin ağ xalatı daha çox yadımda qaldı. Ondan sonra özümə söz verdim ki, ancaq həkim olacağam.
Artıq 36 ildir Tələbə Poliklinikasında işləyirəm (əvvəllər İnşaatçılar Poliklinikası adlanırdı). Paralel olaraq mərkəzi xəstəxananın nevrologiya şöbəsində 9 il çalışmışam.

-Qadınların sizə müraciəti ən çox nəylə bağlıdır? Onların əsəblərinin pozulmasına səbəb nə olur?

-Qadınlarda əsəb sisteminin pozulması əsasən qan təzyiqi-hipertaniya və menapauza, klimakterik nevroz fonunda olan xəstəliklərlə əlaqəlidir. Əksər xanımların həyat yoldaşları Rusiyada olduğu üçün onlar sosial vəziyyətin gərginliyindən stress keçirirlər. Psixi pozğunluğa düçar olanların çoxu cavan qadınlardır. Son vaxtlar nevrozlar cavanlaşıb, tələbələr də həmin problemlə üzləşirlər.

-İnsanları nevroz halına gətirən səbəblər hansılardır?
-Məncə həddən artıq informasiyanın çoxluğu insan beynini yorur və o, informasiyaları qavraya bilmir. Bu oxumaqla bağlı deyil. Ətraf aləmdən daxil olan informasiyanın çoxluğu beyində sıxılmalar əmələ gətirir. İqlimin dəyişməsi və qidanın təsiri də rol oynayır. Orqanizmdə proseslər, maddələr mübadiləsi o qədər sürətlə gedir ki, insanlar yaşından qoca görünür.

-Elmi araşdırmalar sübut edir ki, əsəb sistemində problemi olan qadınlarda hormonal pozğunluq baş verir.

-Hormonal pozğunluq genetik və sonradan qazanılma olur. Ümumiyyətlə, qız uşaqlarının inkişafına bizim azərbaycanlı analar çox laqeyddirlər. Bizim regionumuz isti qurşaqdadır. Burada qızların, oğlanların yetkinləşmə prosesi dağlıq zonaya nisbətən çox erkən başlayır. Aranda qızlar ana halını 11-12, dağ rayonlarında isə 14-15 yaşında keçirirlər. Yüksək temperatur insan beyninə təsir edir. Ona görə də Aran yerində günəşin ultrabənövşəyi şüalarının təsirindən insanın yaşlanması daha sürətli olur.

-Sirr deyil ki, hormonların pozulması qadınlarda piylənməyə gətirir. Bunun isə orqanizmə vurduğu zərbəni aradan qaldırmaq çətindir.

-Təbabətdə belə bir fikir var ki, normal insan gün ərzində 2 litr yarıma qədər maye qəbul etməlidir. Yaşadığımız mühit isti bölgə olduğundan orqanizmimizdə tərləmə sürətli gedir. Bunun üçün qəbul etdiyimiz mayenin miqdarı da çox olmalıdır. Digər səbəb insanların yağlı yeməklər yeməsi və meyvədən az istifadəsi ilə bağlıdır. Qəbul etdiyimiz kolorini xərcləmirik, idmana, fiziki işə sərf etmirik. Qidalarımız həddindən artıq kolorilidir. Biz sərfə yox, ehtiyata işləyirik. Bununla orqanizmimizi zəhərləyirik.


-Həkim, əsəb xəstəliyi bütün orqanların sıradan çıxmasına səbəb olur. Qadınlarda piylənmə ilə yanaşı varikoz genişlənməsi də geniş yayılıb.

-Bunların hamısının kökündə artıq çəki durur. Artıq çəkinin fəsadları ağır olur. Şəkər, hipertaniya, ateroskleroz, insult və infarkt xəstəliklərinə yol açır. Ayaqlar yorulur, venalar sıxılır, varikoz genişlənməsinə gətirir. Qarında yığılan visseral piyləri əritmək daha çətindir.

-Qadınlar xəstəliyi müalicə etmək əvəzinə artıq çəkidən yaxa qurtarmaq üçün diyetaya otururlar. Amma tək çörəyi qida rasionundan çıxarmaq onlarda stress yaradır, əsəb sisteminə mənfi təsir edir.

-Təbii ki, öyrənmiş orqanizmi birdən-birə nədənsə məhrum etmək özü cinayətdir. Diyeta saxlayanlar bir şeyi başa düşmürlər ki, itirilən çəkinin əvəzinə orqanizm sonra bir neçə dəfə artıq çəki yığır. Az miqdarda və gün ərzində bir neçə dəfə yeməklə problemin həllinə nail olmaq olar. Meyvədən bol istifadə etməklə insan sağlamlığının qayğısına qalmalıdır. Onda beyin də normal fəaliyyət göstərər.

- Siz dərman preparatları təyin edəndə onların həmin adama kömək edəcəyinə inanırsınızmı? Çünki son zamanlar keyfiyyətsiz, hazırlanma şəraiti bəlli olmayan dərmanlar insanlarda müxtəlif ağırlaşmalara səbəb olur.

-Mən 36 illik fəaliyyətimdə təcrübədən keçirmədiyim dərmanları işlətmirəm. Əvvəlcə dərmanların təsir mexanizmini öyrənirəm, həkim yoldaşlarımla əlaqə saxlayıram, internetdə axtarıram. Bəzən vitaminləri qarışdırıb vururlar. Bu isə allergik xəstəliklər yaradır. Dərmanların dozası üstündə yazılana uyğun gəlmir. İndi doza məsələsinə səthi yanaşırlar. Aptek işçiləri alıcılara özləri dərman təyin edirlər. Dünyanın heç bir ölkəsində aptek işçisi həkim məsləhəti olmadan və reseptsiz dərman vermir. İstisna hal kimi müraciət edənə ağrıkəsici, vitamin kompleksi vermək olar. Amma dərhal həkimə müraciət etmək məsləhət görülməlidir.

-Son vaxtlar insanlar özlərini təbii yolla müalicə edirlər.

-Ümumiyyətlə fitoterapiya yaxşıdır, amma yerində. Bir az yaşlı adamı otla müalicə etmək ehtiyat tələb edir. Çünki bu, uzun illər yatmış xəstəliyi oyada bilər. Məsələn, öd kisəsindəki daşları tərpədər. Ot müalicəsi qorxuludur. həm də uzun müddət vaxt tələb edir. Kimyəvi dərmanla ağrını kəsmək daha asandır.

-8 Mart Qadınlar günü və Novruz bayramı ərəfəsində əzizlərinizdən hansı hədiyyəni alsaydınız, ürəyinizcə olardı?

-Əzizlərimin həyatda olmağı ən böyük hədiyyəmdir. Övladlarımı ziyalı səviyyəsinə qaldırmışam. Onlar ayaqda dura bilirlər. Düşünürəm ki, Azərbaycan cəmiyyətinə layiqli övlad yetişdirmişəm. Onların səslərini eşidəndə sanıram dünya mənimdir. Ana üçün övladının xoş xəbərini almaqdan önəmli nə ola bilər? Mən onlarla fəxr edirəm. Bütün analara mənim kimi xoşbəxt ana olmağı arzulayıram.

-Təbriklərimizi qəbul edin.

Söhbətləşdi:
Yeganə Nəbiyeva
Siyaset

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıbAzərTAc xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) kollektivi, dövlət və qeyri-hökumət təşkilatlarında çalışan bir qrup ziyalı qadın Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə onun xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı önünə gül düzülmüşdür.
İdman

İdman xəbərləri

İdman xəbərləri
23-27 aprel 2012-ci ildə Balakən rayonunda boks üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələrin VIII Respublika oyunlarının final mərhələsi keçirilib. Yarışda şəhərimizi Gənclər və İdman İdarəsi nəzdindəki UGİM-in 3 idmançısı təmsil edib. 37 kq çəki dərəcəsində Malik Həsənov birinci, 65 kq çəki dərəcəsində isə Nizam Səfərli üçüncü yerləri tutublar.
Ümumilikdə yarışda 120 idmançı iştirak edib. İdmançıları yarışa Əməkdar məşqçi Rəşid Məmmədov hazırlayıb.
Kriminal

Mingəçevirdə nə baş verib?

Mingəçevirdə nə baş verib?
Şəhərin Ş.İ.Xətai küçəsindəki 6 saylı evin 50-ci mənzilində yaşayan Əşrəfli Elnur Fərhad oğlu şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək, bildirib ki, aprelin 25-də saat 01:00 radələrində 20 Yanvar küçəsindəki 12 nömərəli binanın yaxınlığında sərxoş vəziyyətdə olarkən ona naməlum şəxs hücum edərək, arxadan bıçaqla xəsarət yetirib, cibində olan 127 manat pulu və mobil telefonunu götürüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Əşrəfli Elnur Fərhad oğluna qarşı cinayət törətmiş şəxsin 07.07.1985-ci il təvəllüdlü Həsənov Eşqin Mədət oğlu olduğu üzə çıxarılıb. Şəhərin Naxçıvan küçəsindəki 31 saylı evin 95-ci mənzilində yaşayan E.Həsənov elə həmin gün-aprelin 25-də tutularaq, şəhər Polis şöbəsinə gətirilib və dindirilmə zamanı etiraf edib ki, sərxoş halda olan Əşrəfli Elnurla aralarında şəxsi münasibət zəminində mübahisə yaranıb və o, mübahisə zamanı Elnurun kürək nahiyəsindən bir dəfə bıçaqla vurub.
Hazırda faktla bağlı ŞPŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərərvurma məddəsiylə cinayət işi başlanıb.

- Aprelin 26-da 20 Yanvar küçəsindəki 134/1 nömrəli evdə yaşayan 04.02.1985-ci il təvəllüdlü Məmmədov Füzuli İslam oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün şəhər Polis şöbəsinə gətirilib. Baxış keçirilən zaman onun üzərində bir ədəd ağ kağıza bükülü çəkisi 0,3 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülub. Bundan sonra F.Məmmədovun yaşadığı mənzilə baxış keçirilib və evdən bir ədəd dəmir qutunun içərisində 221 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

- N.Nərimanov küçəsindəki 55 saylı evin 21-ci mənzilində pasport qeydiyyatında olan, Naxçıvan küçəsindəki 46 saylı evin 32-ci mənzilində kirayə yaşayan 12.10.1969-cu il təvəllüdlü İbrahimov Çingiz Sərdar oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün aprelin 26-da Mingəçevir şəhər Polis şöbəsinə gətirilib. Onun üzərindən qəzet kağızına bükülmüş, 13 ədəd, cəmi çəkisi 15,4 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Çingiz İbrahimovun yaşadığı mənzilə baxış zamanı evin yataq otağındakı sandığın üzərindən iki ədəd dəftər kağızına bükülmüş, çəkisi 2,4 qram olan marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı ŞPŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, yəni qanunsuz satış məqsədi ilə və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsiylə cinayət işi başlanıb.

- 30 aprel 2012-ci ildə gecə saat 04:00 radələrində Mingəçevir şəhərində dəhşətli yol qəzası baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Musayev Elçin Musa oğlu “Opel” markalı 45 BG 338 dövlət nömrə nişanlı avtomobillə M.Ə.Rəsulzadə prospekti ilə yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və avtomobil yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
E.İbrahimova
İdman xəbərləri
23-27 aprel 2012-ci ildə Balakən rayonunda boks üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələrin VIII Respublika oyunlarının final mərhələsi keçirilib. Yarışda şəhərimizi Gənclər və İdman İdarəsi nəzdindəki UGİM-in 3 idmançısı təmsil edib. 37 kq çəki dərəcəsində Malik Həsənov birinci, 65 kq çəki dərəcəsində isə Nizam Səfərli üçüncü yerləri tutublar.
Ümumilikdə yarışda 120 idmançı iştirak edib. İdmançıları yarışa Əməkdar məşqçi Rəşid Məmmədov hazırlayıb.
Akademik avarçəkmə üzrə  Beynəlxalq Prezident Kuboku-20126 mingəçevirli 3 mükafata sahib oldu

Mingəçevir şəhərində keçirilən beynəlxalq “Prezident Kuboku 2012” Reqatasında akademik avarçəkmə, kayak və kanoeçilərin mübarizəsinə yekun vurulub. Kayakçıların yarışında Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstanın kişi və qadın təmsilçiləri mübarizə aparıblar. Kanoeçilərin mübarizəsində isə Azərbaycan və Gürcüstan təmsil olunub.
“Sevinc” kuboku uğrundaMingəçevirlilər birinciliyi əldən vermədi

Yaşar Məmmədzadə adına şəhər stadionunda “Sevinc” kuboku uğrunda Azərbaycan birinciliyinin final mərhələsi keçirilib. Respublikanın şəhər və rayonlarından 10 komandanın iştirak etdiyi mini-futbolda 9-10 yaşlı uşaqlar 2 yarımqrupda mübarizə aparıblar. Gərgin keçən yarışda Mingəçevir (şəhər Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri), Xızı və Astara komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşdürüblər.